COP29 | Azərbaycan turizm imkanlarını COP29-da nümayiş etdirir

   COP29 |    Azərbaycan turizm imkanlarını COP29-da nümayiş etdirir
  11 Noyabr 2024    Oxunub:477
Bu gündən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişklikləri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın turizm üzrə dayanıqlılıq təcrübələri “Yaşıl Zona”da yerləşən destinasiya stendində təqdim olunur.
AzVision.az bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, 200 kvadrat metrlik sahədə yerləşən stenddə xarici qonaqlara və media nümayəndələrinə Azərbaycanın turizm potensialı haqqında məlumatlar təqdim olunur, Azərbaycanın turizm imkanlarını əks etdirən interaktiv xəritə və ölkə ilə bağlı promo videolar nümayiş etdirilir.

Stenddə Azərbaycanın milli mətbəxi, çay dəstgahı mədəniyyəti, milli şirniyyatlar, yerli şərablar, o cümlədən yerli biomüxtəlifliyin qorunması prinsipinə əsaslanan “Slow food travel” konsepsiyası barədə təqdimat və dequstasiyalar keçirilir.

Ziyarətçilərə, həmçinin xalçaçılıq, corab toxuma, yun əyirmə, keramika üzərində rəsmlər, təkəlduz və misgərlik kimi sənətlər üzrə əl işləri nümayiş etdirilir.

Azərbaycanın görməli yerlərinə virtual səyahət üçün nəzərdə tutulan VR (virtual reallıq) hissəsində qonaqlara Xınalıq, Yanardağ, Atəşgah, İçərişəhər, Şəki Xan Sarayı, Göygöl və digər tarixi və mədəni məkanlara canlı şəkildə səyahət etmək imkanı yaradılır.

Təqdimat zonasında 10 gün ərzində ziyarətçilər üçün hər gün dağ yürüşü, quş müşahidəçiliyi kimi ekoturizm məhsulları, təbiət turizmi potensialı, işgüzar tədbirlər üzrə imkanlar, Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən maddi mədəni irs nümunələr və Azərbaycan turizminin təbliğinə həsr olunmuş müxtəlif təqdimatlar təşkil olunacaq.

COP29 çərçivəsində 20 noyabr tarixində COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə COP tarixində ilk dəfə olaraq daxil edilmiş "Turizm Sahəsində Təkmilləşdirilmiş İqlim Fəaliyyəti məqsədilə Qlobal Əməkdaşlıq" Təşəbbüsünün icrası məqsədilə Turizm Nazirlərinin Yüksək Səviyyəli Görüşü, turizmin iqlim dəyişikliyində yeri üzrə bir sıra panel müzakirələr və əlavə tədbirlər keçiriləcək.

COP29 çərçivəsində Dövlət Turizm Agentliyi Abşeron və Altıağac Milli Parklarında turistlərə xidmət keyfiyyətinin artırılması üçün istiqamətləndirici işarələr və məlumatlandırıcı lövhələr quraşdırıb, həmçinin parklarda turist xidmətlərinin təkmilləşdirilməsi istiqamətində yüngül infrastruktur yerləşdirib.

Həmçinin COP29 tədbiri çərçivəsində şəhərimizi səyahət edən ziyarətçilərə tədbirlər və ölkəmizin turizm imkanları haqqında məlumatın verilməsi məqsədilə Bakı şəhəri üzrə xüsusi ayrılmış nəqliyyat qovşaqları üzərində 5 ədəd mobil turizm informasiya mərkəzi quraşdırılıb.

Ümumilikdə sayları 8-ə çatan turizm informasiya mərkəzləri (Nizami küçəsində “Nərgiz” TM-nin arxası, Dənizkənarı Milli Parkda “Park Bulvar” TM-nin arxası, Albert Aqarunov küçəsi, “Koroğlu” metro stansiyası (Bakı Stadionu tərəfinə çıxış), Heydər Əliyev Sarayı, “Port Baku” TM-nin çıxışı, “Sea Breeze Resort” kompleksi, hava limanında Terminal 2) tədbir müddətində hər gün saat 10:00-dan 19:00-a qədər fəaliyyət göstərəcək.

AzVision.az


Teqlər: COP29  





Xəbər lenti